Qida allergiyası haqqında nələri bilmək lazımdır?
Sənaye baxımından inkişaf etmiş ölkələrdə qida allergiyası getdikcə daha çox insana təsir edir: Avropada uşaqların 7,5%-də qida məhsullarına qarşı allergiya inkişaf edir. Qida allergiyası tənəffüs, dəri və ümumi simptomlar vasitəsilə özünü büruzə verə bilər, lakin qida allergiyasından əziyyət çəkən insanların təxminən üçdə birində mədə-bağırsaq simptomları inkişaf edir. Mədə-bağırsaq traktı tərəfindən erkən simptomlar duru nəcis və […]
Sənaye baxımından inkişaf etmiş ölkələrdə qida allergiyası getdikcə daha çox insana təsir edir: Avropada uşaqların 7,5%-də qida məhsullarına qarşı allergiya inkişaf edir. Qida allergiyası tənəffüs, dəri və ümumi simptomlar vasitəsilə özünü büruzə verə bilər, lakin qida allergiyasından əziyyət çəkən insanların təxminən üçdə birində mədə-bağırsaq simptomları inkişaf edir. Mədə-bağırsaq traktı tərəfindən erkən simptomlar duru nəcis və ya ishal, ağrı və sancılar kimi pozuntularla əlaqəli ola bilər.
Qida allergiyası zamanı uşaq orqanizmi bəzi məhsulları zərərli hesab edir ki, nəticədə immun sistemi fəallaşır və bu məhsullara qarşı qoruyucu maddələr yaratmağa çalışır. Növbəti dəfə, uşaq müvafiq məhsulu qəbul etdikdə, onun hissəcikləri nəfəs yollarına və ya dəriyə düşdükdə, orqanizm müxtəlif maddələrin, o cümlədən histaminin ifraz edilməsi ilə reaksiya verir. Bu maddələr allergik reaksiyalar üçün tətikləyici mexanizm kimi təsir göstərir. Bunlar asqırma, burunun tutulması, zökəm, gözlərin yaşarması, bədəndə qaşınan səpki, dildə iynə batması hissi, xırıltılar, qarında ağrı, ishal, ödem ola bilər.
Çox zaman qida məhsullarına qarşı dözümsüzlüyü qida məhsullarına qarşı allergiya ilə səhv salırlar. Qida məhsullarına qarşı dözümsüzlük zamanı simptomlar allergiya ilə oxşardır, lakin fərqlər də vardır – tez-tez gəyirmə, mədədə ağırlıq hissi, köp, daha duru nəcis və ishal, baş ağrısı, əsəbilik. Qida məhsullarına qarşı dözümsüzlük zamanı immun sistemi prosesə cəlb olunmur, adətən, dözümsüzlük insanın mədə-bağırsaq traktının xüsusiyyətləri ilə, onun bu və ya digər maddəni, məsələn, laktozanı həzm etmək qabiliyyətinin olmaması ilə əlaqəlidir. Bu – xoşagəlməz, lakin allergiya ilə müqayisədə nadir hallarda təhlükəli olan bir vəziyyətdir.
Uşaqda demək olar ki, istənilən məhsula qarşı allergiya ola bilər, lakin ilk növbədə bəzi allergenlərdən şübhələnirlər:
● süd – adətən, məhz inək südü allergiyaya səbəb olur; qoyun, keçi və camış südü də allergiyaya səbəb ola bilər. İnək südünə qarşı allergiyası olan uşaqlarda, adətən, soya südünə qarşı da allergiya olur;
● yumurta – yumurtanın həm sarısının, həm də ağının tərkibində allergiyaya səbəb ola bilən bəzi zülallar vardır. Lakin daha çox hallarda yumurtanın ağı allergiyaya səbəb olur;
● qoz-fındıq – məhsulu qəbul etməzdən əvvəl onun etiketini diqqətlə oxumaq və bunu hər istifadədən əvvəl etmək lazımdır. İstehsalçılar çox vaxt məhsulların reseptlərini dəyişdirirlər. Yadda saxlamaq lazımdır ki, tərkibində qoz-fındıq olan məhsullarla eyni yerdə istehsal edilən bəzi məhsulların tərkibində qoz-fındıq hissəcikləri ola bilər. Allergik reaksiyanın meydana çıxması üçün qoz-fındıq zülalının çox kiçik hissəciyinin olması kifayətdir;
● soya – soya paxlasının emal məhsuludur – uşaqlarda ən çox yayılmış allergenlərdən biridir. Çox zaman “soyaya qarşı allergiyaya” südəmər körpələrin qidalandırılması üçün hazırlanan süni soya qidaları səbəb olur. Lakin, bu uşaqların əksəriyyətində allergiya 3 yaşına qədər keçib gedir;
● buğda – insanın immun sistemi buğda zülallarına qarşı həddən artıq güclü reaksiya verdikdə allergiya yaranır. Allergiyanın körpə yaşlarından başlanması səciyyəvidir;
● balıq – çox zaman təzə balığın tərkibində olan zülallar allergik reaksiyaya səbəb olur. Lakin balığın dərisindən və sümüklərindən istehsal edilən balıq jelatininə qarşı da allergiya mümkündür. Balıq yağını da qida rasionundan çıxarmaq məqsədəuyğundur, özlüyündə balıq yağının tərkibində zülalın olmamasına baxmayaraq, onun tərkibində çox zaman balıq zülalının xırda hissəcikləri olur. Sezar salatının və Sezar sousunun tərkibində çox zaman balıq hissəcikləri (ançouslar) olur.
Məlum olduğu kimi, allergiyanın tam müalicəsi mümkün olmasa da, qida allergiyası – elə bir haldır ki, uşağın böyüdükcə bu problemdən xilas olacağına ümid etmək olar. Çox zaman uşaq böyüdükcə yumurtaya, südə, buğdadan və soyadan hazırlanan məhsullara qarşı allergiya keçib gedir. Balığa və digər dəniz məhsullarına qarşı allergiya, adətən, daha gec yaşlarda ortaya çıxır və bir qayda olaraq, bütün ömür boyu davam edir.
Əgər uşaqda qida allergiyasına şübhə olarsa, ailə həkiminə müraciət etmək lazımdır. Ailə həkimi aşağıdakı sualları verəcəkdir:
● Simptomlar hansılardır?
● Bu əlamətlər hansı tezliklə yaranır?
● Qida qəbulu ilə simptomların yaranması arasında nə qədər müddət keçir?
● Ailə üzvlərindən hər hansı birində astma, atopik dermatit, qida allergiyası kimi allergik reaksiyalar müşahidə olunurmu?
Həkim qida allergiyasını imitasiya edə biləcək vəziyyətləri, məsələn, qidaya qarşı dözümsüzlüyü istisna etməlidir. Əgər uşaqda südün qəbulundan sonra ishal müşahidə olunursa və allergiyanı göstərən başqa simptomlar yoxdursa, laktozaya qarşı dözümsüzlüyü istisna etmək lazımdır. Seliakiya və qlütenə qarşı dözümsüzlük də allergiya üçün səciyyəvi olan simptomlarla özünü büruzə verə bilər.
Ailə həkimi çox güman ki, allerqoloqun konsultasiyasını tövsiyə edəcəkdir. Allerqoloq daha spesifik suallar verəcək və xüsusi allergiya testlərini həyata keçirəcəkdir. Bu testlərdən biri dəridə aparılan allergik sınaqlar ola bilər, bu sınaqların keçirilməsi zamanı allergen uşağın qoluna qoyulur, bu yerdə dəri yüngülcə deşilir və 15 dəqiqə ərzində nəticə gözlənilir. Əgər deşilmə yerində qızarma və ödem müşahidə edilirsə, çox böyük ehtimalla konkret qida məhsuluna qarşı allergiyadan danışmaq olar. Lakin allerqoloq diaqnozun dəqiqləşdirilməsi üçün digər müayinələri də apara bilər.
Qida allergiyası diaqnozu təsdiqləndikdən sonra allerqoloq müalicə planını elə tərtib edəcəkdir ki, körpə heç bir problem olmadan böyüyə, oynaya və həmyaşıdlarının kollektivinin bir hissəsinə çevrilə bilsin. Valideynlərin ilk və ən vacib vəzifəsi – uşağın allergenlə təmasdan çəkinməsinə kömək etməkdir. Uşaq məktəbəqədər təhsil müəssisəsinə, məktəbə və ya dərnəyə getməyə başladıqda, müəllimlər uşaqda allergiyanın olması barədə xəbərdar edilməlidir. Təbii ki, valideynlər də arzuolunmaz qidalardan çəkinməyi uşağa öyrətməlidirlər.
Dərman dolabında və ya çantada daima mövcud olması zəruri olan dərmanlar sırasında histamin əleyhinə preparatları qeyd etmək lazımdır. Onlar allergiyanın övrə, zökəm, asqırma, gözlərin yaşarması kimi simptomlarını aradan qaldırmağa kömək edəcək. Onların təsir prinsipi elə adlarından məlum olur – orqanizmdə histaminin təsiri pozulur, bunun sayəsində simptomların – burun tutulmasının, qaşınmanın, səpkilərin, gözlərin yaşarmasının intensivliyi azalır.